“Mahmudovun generalları tarix boyu fərqlənəcək”

16-12-2016, 11:31
18 326

Millət vəkili Zahid Orucun “Qafqazinfo”ya müsahibəsi:

Vediinfo.az həmin müsahibəni təqdim edir:

- Ötən ildəki kimi, bu ilin sonları da Xəzərdə növbəti neftçi faciəsinin baş verməsi ilə yekunlaşdı. Necə hesab edirsiniz, ötən ilki faciə zamanı ekspertlər tərəfindən səsləndirilən iradlar, yol verilən yanlışlıqlar diqqətə alınmayıbmı? Nəzərə alsaq ki, hələ keçən ildən itkin düşən neftçilərimiz cəsədi hələ də tapılmayıb.

- Əlbəttə, hamımız üçün üzücü olaydır. Hər qəza dünyasını dəyişən insanların itkisi ilə bərabər, dövlətin iqtisadi-siyasi sütunlarının söykəndiyi dayaqlara da müəyyən qədər zərbə deməkdir. Neftin nəticəsində, o fədəkar insanların zəhməti hesabına yaranan rifah da, aldığın böyük faydalar və qurulan təhlükəsizlik də bundan təsirlənir. Baxın, Rusiyada Kursk gəmisi batanda bütün dünya hegemoniyaya can atan bir dövlətin nüvə silahı daşıyan qurğusunun doğurduğu faciədən danışırdı. O itkinin yerini doldurmaq asan deyil. Dünənə qədər gücünü və qüdrətini simvolizə edən neft-qaz imperiyası elə bil əleyhinə çevrilir. Ona görə qəzanın səbəblərini tam araşdırmaq lazımdır. Orada idarəetmə, nəzarət, hesabatlılıq, şəffaflıq, təhlükəsizlik qaydalarının tətbiqi necə olub, hər biri araşdırılmalıdır.Təxribat və ya diversiyalar da istisna edilməməlidir. Xəzərin udduğu canları yalnız küləyin və təbiətin günahı, yoxsa insanlara bağlı olduğunu müyyənləşdirib bir daha belə faciələrin təkrarlanmasına yol verilməməlidir.

- 2017-ci ilin büdcə zərfinin müzakirəsi sərt çıxışlarla yadda qaldı. İqtisadi durumu nəzərə alaraq, çıxışların bu cür olacağı sizin üçün gözlənilən idimi?

- Parlamentdə 16- cı büdcə müzakirəsində iştirak edirdim. Əvvəlki illərlə müqayisə edəndə müzakirə mühitinin çox da gərgin olmadığı qənaətindəyəm. Amma vestibüldən bizi izləyərkən gördüyünüz emosiyalar, iqtisadi-siyasi arqumentlərin döyüşü həmişə ictimai ab-havaya uyğun köklənir. Çünki parlamentdə obyektivlikdən vaz keçməyən,millətin və dövlətin maraqlarını o zala daşımağa çalışan nüvə həmişə olub. İki devalvasiyanın, Tarif Şurasının işıq və qazın qiymətini artırmasının nəticəsində qınaq ,tələb və mühakimə yüklü mövqelərin üstünlük təşkil etməsi başa düşüləndir. Lakin büdcə təkcə maliyyə sənədi deyil. Həmçinin, ölkənin gələcək siyasi və idarəçilik həyatında aparılacaq mühüm dəyişiliklərin təminatçısı olduğundan diskusiyaların daha geniş məcraya yönəlməsini normal qarşılamaq lazımdır.

- Məsələn, təkcə büdcə müzakirəsində Yevda Abramovun “qara bazar” la bağlı sərt çıxışından bir gün sonra Beynəlxalq Bankın rəhbərliyi gözlənilmədən vəzifəsindən azad edildi. Yəni, hökumət çıxışı diqqətə aldı. Belə fikirlər də oldu ki, əslində “qara bazar” la bağlı çıxışlar razılaşdırılmış idi...

- Parlament üzvlərinə ayrıca olaraq bu məsələlərlə bağlı xüsusi təlimat verilməmişdi. Əlbəttə, vahid komandanın içərisində olanda sən müəyyən hərəkətlərini uzlaşdırırsan. Ancaq dollar ajiotajı, manatın dəyərdən düşməsi hamının həyatına təsir edir. Elə hesab etməyin ki, təminatlı insanların sırasında olan parlament üzvləri cəmiyyətdən gələn siqnalları dərk və ya hiss etmirlər. Hətta daimi sükut mövqeyi ilə seçilənlərin də içərisində bəlli narahatlıq, yaxud faydalı baxışlar və təşəbbüslər mövcuddur. Hakimiyyət özünün kəşfiyyat və açıq məlumatları ilə prosesləri diqqətdə saxlayır. Çıxış edənlərin niyyəti cəmiyyətdə qəhrəman obrazında təqdim olunmaq, yaxud həssas dönəmlərdə populist şüarlarla reytinq qazanmaq deyil. Bir çox həmkarlarımın çıxışlarında bank sektorunda sabitliyin təmin olunması üçün manatın məzənnəsinin kəskin düşməsində müxtəlif qurumların məsuliyyəti qabardılmışdı və açığı sistemli şəkil alan təxribatların da burada rol oynadığını istisna etmək olmaz. Beynəlxalq Bankın yeni rəhbərliyinin və digər bankların yaranmış şəraitdə möhtəkirliyə əl atması və “qara bazar” yolu ilə vergisiz, nəzarətdən kənar əməliyyatlara baş vurması isə gerçəkdən böyük cinayət əməlləridir. Maliyyə sabotajı açıq-aşkar dövləti vətəndaşlarla üz-üzə qoymaq deməkdir.

- Bir paradoksallıq da var. Bank dollar satmır, valyutadəyişmə məntəqələri bağlanıb. İnsanların da “qara bazar” a üz tutması normal deyilmi? Yəni ola bilərmi ki, hökumət özü “qara bazar”a şərait yaradır?

- Tamamilə doğrudur. Son dövrlər iqtisadi bloku təmsil edən qurumlar arasında qeyd etdiyiniz məsələlərə baxışda vahid mövqenin olmaması valyuta böhranına gətirib çıxarıb. Nəinki Azərbaycan insanı, yəni, daxildə investor kimi çıxış edən soydaşlarımız, idxalla məşğul olan iri korporasiyalar, eləcə də xarici kompaniyalar, hətta adicə turistlər belə bazardakı qeyri-aktivliyi, yaxud gözləmə mövqeyini fiksasiya edərək ona uyğun davranış göstərirlər və nəticədə yüz milyonlarla dollar kapital itirilir. Əgər qeyri-neft iqtisadiyyatının formalaşdırılmasından danışırıqsa, bunun birinci şərti milli valyutanın sabitliyini təmin etməkdir. Çünki manat təkcə iqtisadi deyil ,həm də uzun on illər siyasi sabitliyin simvoluna çevrilib. Əslində, indiki valyuta qıtlığının köklü əsası yoxdur. Ölkənin maliyyə rezervinin ümumi məbləğindən çıxış etsək, həmçinin beynəlxalq investor kimi çıxış edərək Serbiyadan Yunanıstana qədər geniş bir coğrafiyada əlverişli bazarlar axtarışımız fonunda hökumət xalqın sərəncamında olan manat kütləsinin qorunması üçün bazara yetərli siqnallar verməyi bacarmalıdır. Lakin elə mənzərə yaranır ki, büdcə ehtiyatları açıq dövriyyədəki bəlli miqdardakı 7-8 milyardlıq manatın təhlükəsizliyi üçün rol oynaya bilmir. Sadə dillə desəm, əhalinin büdcəsi dövlətin rezervlərindən 5 dəfə kiçikdir. Onda ajiotajın səbəbi nədir? Hər halda gizli manat istehsalı baş vermir.

Mərkəzi Bankın manata təzyiqlərə qarşı tədbirləri yetərli deyil. Sanki milyardlarla vəsait xərclənir, ancaq onu bankların satışında görmürük, üstəlik ,hərraclar keçirilir və yenə də hansı məbləğlərin banklara çatdığı bilinmir. Belə olan yerdə qara bazar yaranmasın, nə etsin? İnzibati yollarla vətəndaşın tələbatının qarşısını ala bilməzsən. Deməli, ortada xeyli şübhəli məqamlar var.

- Söhbət hansı şübhəli məqamlardan gedir?

- Mənim aləmimdə ölkədə müəyyən qədər iqtisadi, siyasi, sosial təxribatlar baş verir. Sanki Eldar Mahmudovun nazirliyi ləğv ediləndən və mahmudovçuluq ifşa ediləndən sonra müxtəlif qüvvələr öz üzərlərinə gələn təhlükəni hiss edirlər və problemi sosial-iqtisadi müstəviyə daşıyıb hakimiyyətin cəzasından qaçır, onu xalqla üz-üzə qoyaraq diversiya yolu ilə toxunulmazlıqlarını təmin edirlər. Elə bilin dövlətdəki böyük idarəetmə islahatlarını ləngitməyə qalxan və yaxud ona müqavimət göstərən qüvvələrin itaətsizliyi ilə üzə-üzə qalmışıq.

- Fikrinizdən bu qənaətə gəlmək olar ki, hazırda da hakimiyyət cəbhəsində Mahmudovçular qalıb. Məsələn, deyirlər ki, Çovdarov həbsdədir, bəs yeni Çovdarov hazırda işləyirmi? Bu fikirlə bağlı nə deyə bilərsiniz?

- Ola bilsin ki, o miqyasda, o təfəkkürdə, o azğınlıqda, sümürgənlikdə olan çovdarovlar yoxdur. Sözügedən olay Azərbaycanın təhlükəsizlik orqanları tarixində böyük ləkədir. Dünya tarixində elə mütəşəkkil çekist cinayətkar şəbəkəsi olmayıb. Beriyanı NKVD sisteminin cəza aparatının banisi kimi uzun illərdi pisləyirlər. Ancaq o vaxt belə bu miqyasda yağmalama və tamahkarlıq olmayıb. Mahmudovun rəhbərliyi altında və o genarallar bandasının həyata keçirdiyi əməllər özünün azğınlığı ilə tarix boyu fərqlənəcək. Rejissorlar üçün faciə dramalarının ssenarisinə uyğun gələn əməlləri heç bir halda başqa strukturlarda gözləməyin.

Baxın, biz 2017- ci ilin büdcəsinə “qənaət edilmiş, yaxud konsolidasiya olunmuş” maliyyə sənədi kimi baxırıq. O halda neft hökuməti, şişmiş aparatlar, böyük büdcə vəsaitləri, iri investisiyalarla biz keçmişdə mühüm uğurlar qazanmaqla bərabər, səmərəsiz xərcləmələrə və israfçılığa da yol vermişik. 3 səbəbə görə bunlar baş verib. Birincisi, hələ planlaşdırma dövründə 35-40 faiz xüsusi şişirtmələrə yol verilib. İkincisi, qanunvericilik müəyyənləşdirir ki, o resursların hamısı investisiya xərcləmələri sırasında tender yolu ilə ünvanına çatdırılsın. Bütün bunlar olmayıb, hamısı yaxın çevrələrində ayrı-ayrı qurumlar yaradıblar və o vəsaitlər də ələ keçirilib.

Üçüncüsü, parlamentin, Hesablama Palatasının, o cümlədən Maliyyə Nazirliyinin nəzarət qurumunun cəzasına kimsə inanmayıb. Məsuliyyət daşımamaq havası və toxunulmazlıq sindromu nazirlikləri bəlli yollara salıb. Prezdentin “dəmir əli”ni görəndə hökumət düşünməyə başlayıb ki, büdcəni necə ünvanlı, şəffaf və səmərəli etsin. 2017- ci ilin çovdarovlarından xilas olmaq üçün həmin mexanizmləri daha da təkmilləşdirmək lazımdır.

- Mahmudovdan söz düşmüşkən, Türkiyə mətbuatı bu günlərdə yazdı ki, keçmiş nazir Gülənə işləyib…

- Təhlükəsizlik strukturları özünün mahiyyətinə görə, həddindən artıq şəbəkəlidir. Beynəlxalq sistemdə onların böyük əlaqələri qurulub. Ona görə dəqiq təyin etmək olmur ki, kəşfiyyat sızmalarında hansı tərəfin marağı nədən ibarətdir. Çox mümkündür ki, Azərbaycan təhlükəsizlik orqanlarında keçmiş diletantlara görə beynəlxalq xəfiyyə sistemlərinin müxtəlif planları içərimizə yeridilib.

Azərbaycanda o miqyasda olmasa da, prokurorluqda böyük bir cinayət dosyesi açılıb və istintaq davam edir. Özünü 21-ci əsrin İsası elan edən yağmur gözlü adamın hansı imperiya maraqları üçün piramidal bir monastra rəhbərlik etdiyi üzə çıxdıqca insanlarımız dünyanı sarmış kəşfiyyat sistemlərinin necə qorxunc olduğunu yaxşı başa düşürlər.

Hər bir dövlət təmsilçisinin, hökumət nümayəndəsinin özəl həyatını ələ keçirirsənsə, onu şantaj qarşısında qoyursansa, bu o deməkdir ki, sən dövlətə meydan oxuyursan. Bir addım qalıb ki, özünü real qüvvə elan edəsən. Çox şükürlər olsun ki, cənab prezidentin iradəsi onlara göstərdi ki, siz toxunulmaz deyilsiniz, hər zaman cəzalandırıla bilərsiniz.

- Bir maraqlı məqam da var ki, yəqin siz də izləyirsiniz ki, hazırda “MTN işi” ilə bağlı həbs edilənlər çıxışlarında, pul alınıb ötürülməsi proseslərində Mahmudovun adını çəkmirlər…

- Həmin struktur öz mahiyyətinə görə elədir ki, bəzən müxtəlif şəxslər bir-birini görmürlər. Hansısa informasiyanı, təhlili, hesabatı yuxarı orqana ötürürlər. Belə olan təqdirdə 10 il ərzində həmin şəxsin qərar vermədən yalnız bir neçə genaralın dediyiniz miqyasda cinayətləri həyata keçirməsi qeyri-mümkündür.

İkincisi, çox mümkündür ki, onlar cəmiyyətdən gələn basqıları hiss edirlər. Yaxşı bilirlər ki, özləri, doğmaları, şəcərələri, xalqın mühakiməsində olacaqlar. Guya məğrurluq nümayiş etdirmək tendensiyası var. Tarixə baxın, o cür generallar gülləni birinci özlərinə sıxıblar. Sübuta yetirilib ki, həmin ulduzları nahaqdan alıblar. Birinci mərtəbədə rəqəm oxunub, ikinci mərtəbədə tabe olmayanda işgəncəyə məruz qalıblar, ram edə bilməyəndə də məhkəməyə göndəriblər. Ancaq Eldar Mahmudov sıradan bir insan deyil. Nəzərə alın ki, o informasiya daşıyıcısıdır, kifayət qədər dövlət sirrlərinə malikdir, həmçinin Beynəlxalq Bankla yaxın qohumluq əlaqələri olub. Söhbət milyardlarla dollar vəsaitin xaricə çıxarılmasından gedir. Dövlət və hökumət olaraq bu cinayətlər bizə nə qədər zərbə gətirirsə, o biri yandan vəsaitlər ölkənin büdcəsindən gedir. Bu gün Azərbaycanın nə qədər o vəsaitə ehtiyacı var. Belələrinin sayəsində iqtisadi dayanıqlığımıza böyük zərbə dəyib. Mahmudovun siyasi edamı cəmiyyətdə baş verib. Yəqin ki, dövlətin bildiyi daha strateji məsələlər var və o da cəzasını alacaq.

- Büdcə müzakirələri işığın, qazın qiymətinin əsaslı şəkildə qaldırılması ərəfəsində baş verdi. İctimaiyyət Zahid Orucdan indiki iqtisadi şəraiti nəzərə alaraq, bu mövzuda sərt çıxış gözləyirdi, amma baş vermədi…

- İlk olaraq, qərara münasibət bildirənlərdənəm. Bundan əlavə, enerji sektorunda aparılmayan islahatların mənfi nəticələrinin olacağını əvvəllər də vurğulayırdım. O yerdə ki yalnız böyük dövlət vəsaitləri rol oynayacaq, həmin qurumlar yalnız büdcə resursuna söykənəcəklər, o zaman effektli idarəçilik modelləri axtarılmaqda davam edəcək. İndi siz cəmiyyətin reaksiyalarını deyirsiniz, ancaq əksi olsaydı, nə baş verəcəkdi ki, toy bayramlamı qarşılanacaqdı? Bu sahədə köklü islahat aparılmalıdır və cənab prezidentin də açıqladığı strateji yol xəritəsində də həmin müddəalar yer alıb. Daha artıq özəlləşməyə gediləcəyi açıq vurğulanıb. Necə edək ki, bu məsələ Tarif Şurasından asılı olmasın? Onun səlahiyyətləri o qədər azalsın ki, vətəndaş üçün ajiotaj doğurmasın. İnsanlar hansı tarif paketini seçəcəyini özü müəyyənləşdirsin. Tarif Şurasının əsaslandırdığı iki məsələ isə reallıqda heç vaxt öz əksini tapmayacaq. Daha yaxşı xidmət üçün belə etdiklərini deyirlər, amma biz görürük işıq da, qaz da kəsilir.

- Strateji yol xəritəsində tam üzən məzənnəyə keçidin baş tutacağı bildirilir, ancaq ekspertlər bunun üçün ölkədə şəraitin olmadığını vurğulayır. Eyni zamanda manatın dollar qarşısında 2-2.50 səviyyəsində qərarlaşacağını bildirirlər…

- Ən pisi odur ki, hazırkı dövrdə hökumətin müvafiq qurumları bununla bağlı real məsələləri açıqlamadığından məsələ tapmacaya, ekstrasensliyə çevrilib. İnsanlar ən son manatını da dollara çevirir və cəmiyyətdə bir artım gözləntisinin iştirakçısına dönür. Hökumət mütəmadi olaraq ictimaiyyəti məlumatlandırmalıdır. Əks halda, ekspertlər tərəfindən bu cür şərhlər alacaqsınız. Amma strateji yol xəritəsində vurğulanan məqamlar həyata keçiriləndən sonra əminəm ki, 2017- ci ilin yarısından vəziyyəti tam sabitləşdirmək mümkün olacaq.

- Yevda Abramov soruşur ki, məmurun dağ başında, dəniz kənarında nə qədər villası, bağı olar? Bu çətin zamanda xalqın yanında olmaq, sərvəti paylaşmaq lazımdır…

- Bu hər kəsin daxili aləmi ilə bağlı məsələdir. Hazırkı şəraitdə kimsə varlı dövlətli adama qarşı mənfi münasibəti stimullaşdırmamalıdır. Ancaq kimsə onu halal zəhmətiylə qazanmayıb, yalnız vəzifəsi bu cür böyük vəsaitlərin ələ keçməsinin vasitəsi olubsa, bu artıq mənəviyyatla bağlı məsələdir. “Dövlət ədəbi”, “dövlət ərkanı” deyilən bir anlayış var. Allah hamını elə yaradıb ki, bir ürəyə, bir mədəyə sahibdir. İnsanın bədən orqanlarının hansısa biri ağrıyanda o içində olduğu sarayın karkasları şəxsin fiziki orqanizmində heç bir rol oynaya bilmir.

Mütləq divarın o üzündəki insanı nəzərə almasılan. Sovet adamları özəl mülkiyyətdən uzaq olublar, indi dövr dəyişib, ideallar yenilənib və materializm qalib gəlib. Ona görə bizneslə məşğul olmaq istəyən məmur vəzifəsindən gedib o statusa da azadlıq verməlidir, özünə də.

- İqtisadi cəhətdən həssas olan bir dönəmdə deputatlar açıqlamalarını necə nizamlanmalıdırlar? Məsələn, Hüseynbala Mirələmov deyir ki, azdırsa az ye, çoxdursa çox ye. Bu fikir ictimaiyyətdə birmənalı qarşılanmadı…

- Bu məsələ sırf parlament üzvü və dövlət adamına aid deyil. Cəmiyyətin həssas dönəmi var. Kiminsə fikirlərini təftiş etmək fikirində deyiləm. Lakin parlamentin ictimai kommunikasiyası yaxşı vəziyyətdə deyil. Əgər bizim iclaslarımızın xronikası efirdə bir həftə sonra verilirsə, o zaman nədən danışırıq? Ümumiyyətlə isə, siyasət adamlarının taleyi elədir ki, rəhmətlik Aydın Məmmədov demiş, ya dar ağacında olmalısan, ya da tribunada. Yəni göz qabağında..

- Sizin də taleyinizə yəqin bu cür yazılıb ki, spiker Oqtay Əsədovla ulduzunuz barışmır. İclaslar zamanı münasibətlərinizin yaxşı olmadığını tribunadan görmək mümkündür…

- Parlament üzvlərinin çoxusuna əliniz çatmır. Bu cəhətdən ən çox istismar olunan bizlərik. Onda sizə əks sual verim, əgər aktiv insanlar da özlərini top generalları kimi aparsalar, o cür sükut sizi qane edəcəkmi? Zahid Oruc da fikir söyləməsin, bir neçə həmkarımız da danışmasın, o tribunanı zəlil etsinlər, onlara verilən replikalar fonunda efir və informasiya məkanından uzaqlaşsınlar, belə olan halda ayda iki dəfə olan, 30-35 məsələnin iki saat ərzində qurtarmasından məmnunmu qalacaqsınız? Əminəm ki, xeyr. Mən spiker tərəfindən deyilənləri şəxsimə götürmürəm. Bunların səbəbi haqqında da danışmıram. Mübarizənin içində daşlaşmış adamlarıq, kimsə bizi dövlətə, xalqa və liderimizə xidmətin məqbul saydığımız yolundan çəkindirə bilməz. Ona görə də başqaları narahat olsunlar.

- Hökuməti əvvəl tərif edib, sonra tənqid etmək məsələsi müzakirə olundu. Siyavuş Novruzov deyir ki, çölə çıxanda da deputat nazirə deyir ki, mən səni nəzərdə tutmurdum. Birbaşa hədəfin adı deyilməlidirmi?

- Əlbəttə, tənqid ünvanlı olmalıdır, ümumiləşmiş obrazlara xitab edilməməlidir. Özünü göstərmək xarakteri daşımamalıdır. Ancaq hökumətin fəlaiyyətindəki müsbət məqamları vurğulayıb tənqidi məqamlar da qeyd olunursa, onu anlayışla qarşılamaq lazımdır. Doğrusu, kimin nəzərdə tutulduğu mənə bəlli deyil. Hökumət üzvlərinin hər biri ilə normal münasibətlərimiz olsa da, çıxışlarımızı ünvanlı edirik, dövlətçiliymizi qorumaq məramına söykənirik və konkret hədəflərə yönəldirik. Bilirsiniz, legitimlik təkcə seçki hadisəsi deyil, hər zaman milli mənafe üçün gərəkli məsələləri Məclisə daşımalısan. Qədim Romada Sezar böyük hərbi qələbələrdən sonra Senata dönürdü. Onu gözləyən xalq təmsilçiləri məclisinə. Heç kəs senatorlardan gedib döyüşməyi tələb etmirdi.скачать dle 10.6фильмы бесплатно



Şərh yaz